Bu gün, iyulun 1-də, saat 10:30 radələrində Bakının Sabunçu rayonunda 172 saylı marşrut xətti üzrə hərəkət edən avtobus ağaca çırpılıb. Qəza nəticəsində avtobusun sürücüsü və 10 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. TƏBİB-dən verilən məlumata görə, xəsarət alan 11 nəfər (5 qadın, 6 kişi) Sabunçu Tibb Mərkəzinə aparılıb. Onlara zəruri tibbi yardım göstərildikdən sonra, vəziyyəti qənaətbəxş olanlar evə buraxılıb. Hadisə ilə bağlı araşdırma aparılır.