Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək 03.06.2026

Azərbaycanda Abşeronun şimal-qərb hissəsini şəhərin şərq və cənub-şərq istiqamətləri ilə birləşdirəcək yeni Mehdiabad–Baksol–Ziya Bünyadov prospekti avtomobil yolunun inşası planlaşdırılır. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, bu yol gələcəkdə 8 Noyabr prospekti ilə də birləşəcək. Yeni yol Mehdiabad qəsəbəsi və Binəqədi ərazisindən başlayaraq Binəqədi şosesi ilə əlaqələndiriləcək, nəticədə Binəqədi - “20 Yanvar” - Ziya Bünyadov prospekti xətti üzrə gündəlik sıxlıqlar azalacaq. Bu layihə, eyni zamanda, gələcəkdə tramvay xəttinin təşkili üçün xüsusi zolağın ayrılmasını nəzərdə tutur ki, bu da ictimai nəqliyyatın inkişafına əlavə imkanlar yaradacaq. Yeni yolun tikintisi Sumqayıt-Xırdalan, Masazır, Pirşağı-Fatmayı-Mehdiabad istiqamətlərindən gələn nəqliyyat axınlarını asanlaşdıracaq və “20 Yanvar” dairəsindəki sıxlığı azaldacaq.
















