Dənizkənarı evlər bahalaşıb: Qiymətlər 1 milyonu keçdi 03.06.2026

Yay mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq, Bakıətrafı qəsəbələrdə, xüsusilə Mərdəkan, Şüvəlan, Bilgəh və Nardaran kimi ərazilərdə dənizkənarı evlərin qiymətlərində əhəmiyyətli artım müşahidə olunur. Əmlak bazarı iştirakçılarının məlumatına görə, 2025-ci illə müqayisədə bu evlərin qiymətləri orta hesabla 5-15% bahalaşıb. Qiymət artımına torpaq sahələrinin məhdudluğu, tikinti materiallarının qiymətinin yüksəlməsi və sahilyanı ərazilərdə yeni turizm və infrastruktur layihələrinin həyata keçirilməsi səbəb olur. Mərdəkanda orta təmirli bağ evləri 250-400 min manat, premium villalar isə 600 min manatdan başlayıb 1 milyon manatı keçə bilir. Şüvəlana yaxın villalar 700-800 min manata, Bilgəh və Nardaran ərazilərində isə dənizə yaxın evlər 180-500 min manat arasında dəyişir. "Sea Breeze" kimi layihələrdə qiymətlər il ərzində 15-20% artmışdır. Mütəxəssislər yay aylarında bazarın daha da aktivləşəcəyini və qiymətlərin artacağını proqnozlaşdırırlar.


















