Onlara 3 il hər ay pul veriləcək, güzəştlər OLUNACAQ 04.06.2026

"Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" qanununa edilən dəyişikliklərə əsasən, azad olunmuş ərazilərə köçürülən və dövlət tərəfindən mənzil ilə təmin olunan və ya təklif olunan mənzildən imtina edən şəxslərin məcburi köçkün statusu ləğv olunacaq. Bununla belə, bu şəxslər statusları ləğv olunduqdan sonra 3 il ərzində sosial müdafiə tədbirləri ilə əhatə olunacaqlar. Milli Məclisin deputatı Vüqar Bayramovun bildirdiyinə görə, bu sosial müdafiə tədbirlərinə hər ailə üzvünə görə aylıq 60 manat məbləğində müavinət, dövlət universitetlərinə ödənişli əsaslarla qəbul olunan övladların təhsil haqlarının dövlət tərəfindən ödənilməsi və bir sıra rüsumlar üzrə güzəştlər daxildir. Bu güzəştlər mənzil təminatından sonra da üç il ərzində qüvvədə qalacaq və tələbənin təhsil müddəti 3 ildən artıq olsa belə, təhsil boyu davam edəcək.




















