Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - VİDEO - FOTO 03.06.2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev prospektində yerləşən Mərkəzi Bankın 35 mərtəbəli yeni inzibati binasının açılışında iştirak edib. Milli pul nişanlarının tarixi, inkişafı və dizaynını nümayiş etdirən sərgiyə baxan dövlət başçısına Mərkəzi Bankın sədri Taleh Kazımov binada yaradılan şərait barədə məlumat verib. Müasir şəhərsalma prinsiplərinə uyğun, yüksək funksionallıq və qabaqcıl texnologiyalarla təchiz edilmiş binada 1300 nəfərlik iş sahəsi, konfrans və mətbuat zalları, təlim otaqları, 25 görüş otağı, 240 nəfərlik konfrans zalı, yeməkxana və istirahət sahəsi mövcuddur. Binanın layihələndirilməsində əlçatanlıq və inklüzivlik prinsiplərinə önəm verilib, fiziki məhdudiyyətli şəxslər üçün xüsusi şərait yaradılıb. Multimedia fasad sistemi və hərəkət sensorlu LED texnologiyası isə gecə vizual tanınmanı və enerji qənaətini təmin edir.
















